10 noyabr Mustafa Kamal Atatürkün anım günüdür.

Bişkek (Golden Bridge News – Höküme Halilova, Ramiz Meşedihesenli) Atatürk 1881-ci ildə Saloniki şəhərində dünyaya göz açıb.
1896-1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunub. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olmuş, Hərbi Akademiyada təhsilinə davam etdirib.
1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirib. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət etmiş, 1907-ci ildə adyutant rütbəsi alıb. Daha sonra Manastıra 3-cü Orduya təyin olunub.
1909-cu il aprel ayının 19-da İstanbula daxil olan Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət edib. 1910-cu ildə Fransaya göndərilib, Pikardi manevrlərində iştirak edib. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlayıb.
1911-1912-ci illərdə baş vermiş Osmanlı-İtaliya müharibəsi zamanı Tobruk və Dərnə bölgəsində xidmət edib, 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin olunub, bu ordunun ləğvindən sonra 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində çalışıb.
Antanta dövlətlərinin Osmanlı ərazilərini işğal etməyə başlamasından sonra 19 may 1919-cu ildə Samsuna gedib. 1919-cu il 23 iyul-7 avqust tarixləri arasında Ərzurum, 4-11 sentyabr tarixləri arasında isə Sivas Konqresini çağıraraq ölkənin işğal olunan ərazilərinin geri qaytarılması üçün görülməsi lazım olan işləri müəyyənləşdirib.
O, 1919-cu ilin dekabr ayında Ankarada böyük ruh yüksəkliyi ilə qarşılanıb, 1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atıb. Məclis və hökumət başqanlığına seçilib, Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Savaşının uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib onların tətbiqinə başlanmasını təmin edib.
Rəhbərlik etdiyi Türk Qurtuluş Savaşının əsas mərhələləri:
Sarıqamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 noyabr 1920) azad edilməsi;
Çukurova, Qaziantep, Qəhrəmanmaraş və Şanlıurfanın müdafiəsi (1919-1921);
I İnönü zəfəri (6-10 yanvar 1921);
II İnönü zəfəri (23 mart-1 aprel 1921);
Kütahya-Əskişəhər döyüşləri;
Sakarya zəfəri (23 avqust-13 sentyabr 1921);
Böyük Hücum, Başkomutanlıq Döyüşü və Böyük Zəfər (26 avqust-9 sentyabr 1922).
Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala marşal rütbəsi və qazi titulu verib.
Qurtuluş Savaşı 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatıb. Beləliklə, Sevr müqaviləsi ilə parçalanması nəzərdə tutulan, türk xalqına 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmayıb.
1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılıb, monarxiya ləğv edilib, Osmanlı İmperiyasının mövcudluğuna son qoyulub. 29 oktyabr 1923-cü ildə respublika elan edilib, Atatürk yekdilliklə ilk prezident seçilib.
30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən respublikanın ilk hökuməti qurulub. Türkiyə Respublikası “Hakimiyyət qeyd-şərtsiz millətindir” və “Yurdda sülh, cahanda sülh” ideologiyası əsasları üzərində qurulub.
Mustafa Kamal Atatürk ömrünün sonuna qədər 4 dəfə Türkiyə prezidenti olub. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb.
Atatürkün adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Paylaş

Yorum yaz

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Do NOT follow this link or you will be banned from the site!